8.11.2018

Dövlət Bayrağı Gününə Həsr olunan tədbir keçirilib

8 noyabr tarixində mərkəzimizdə Dövlət Bayrağı Gününə həsr olunan bədii publistik tədbir keçirilmişdir.Tədbirdə Respublika Müharibə Əmək və Silahlı Qüvvələr Təşkilatının veteranları , Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları və jurnalistlər iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra tədbiri açan Nizami Rayon Əmək və  Veteranlar təşkilatının sədri Yəhya Ağayev Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın Dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini qeyd edib.  Y.Ağayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.Silahlı Qüvvələr və Veteranlar Təşkilatının digər üzvləri  çıxışlarında 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladığınl, noyabrın 9-unun ölkəmizdə Dövlət Bayrağı Günü elan edildiyini və xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindən biri olduğunu söyləyib. Bu sərəncama uyğun olaraq 2010-cu ildən etibarən hər il noyabrın 9-unun ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunduğunu, qürur mənbəyi olan milli dövlət bayrağımızın işğal altında olan torpaqlarda da tezliklə dalğalanacağını əminliklə vurğulayıblar.Tədbirdə mərkəzimizin  Tələbə -Gənclər  Dərnəyinin  üzvlərinin hazırladığı Dövlət Bayrağı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.Qruplar arası “Breyn Ring “ bilik mübadiləsi keçirilib.